ASK-nın V Qurultayı keçirilib


19 dekabr tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V Qurultayı keçirilib.
Tədbirdə ATİB sədrinin müavini Mürsəl Rüstəmov, İdarə heyətinin üzvləri Rafiq Qarayev və Oktay Vayiç iştirak edib.
Tədbirdən əvvəl qurultay iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Tədbir iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüblər. Şəhidlər Xiyabanına gələn qurultay iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev qurultayı açıq elan edib.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə qeyri-neft sektoru üzrə istehsalın və ixracın artırılması, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərinin inkişafı, biznesə yeni dəstək mexanizmlərinın yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, sahibkarlığa dövlət dəstəyi sisteminin tərkib hissəsi kimi sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, ixrac missiyalarının təşkili və digər tədbirlər ölkəmizdə sahibkarlığın davamlı inkişafının təmin olunmasına və özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artmasında mühüm rol oynayır.
ASK-nın nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib, idarə heyətinin və rəyasət heyətinin yeni tərkibi formalaşıb, ASK-nın prezidenti və vitse-prezidentləri, nəzarət-təftiş komissiyasının sədri seçilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Nizamnaməsinə təklif olunan əlavə və dəyişikliklər qəbul edilib ki, bu da Konfederasiyanın idarə olunmasının təkmilləşdirilməsinə, idarəetmədə operativliyin gücləndirilməsinə xidmət edir.
Açıq səsvermə zamanı qurultay nümayəndələrinin yekdil qərarı ilə Məmməd Musayev yenidən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti seçilib.
Qeyd edək ki, ATİB sədri Cemal Yangın ASK-nın İdarə Heyətinə üzv seçilib. Bu münasibətilə onu təbrik edir, işlərində uğurlar arzulayırıq.
ASK-nın V Qurultayı keçirilibASK-nın V Qurultayı keçirilib