Bakıda "Azərbaycanda Məhkəmə-Hüquq İslahatları: AmCham ilə ictimai müzakirələr" adlı konfrans keçirilib


6 may 2019-cu ildə Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanından irəli gələn məsələlərin ictimai müzakirəsi məqsədi ilə Bakıda "Azərbaycanda Məhkəmə-Hüquq İslahatları: AmCham ilə ictimai müzakirələr" adlı konfrans keçirilib. Konfransda ATİB Baş Katibi Pərvanə Hacıyeva iştirak edib.
Tədbirdə Prezident Administrasiyasının və Ədliyyə Nazirliyinin əməkdaşları, müxtəlif biznes sahələrindən 150-dən çox təmsilçi və diplomatik korpusun nümayəndələri iştirak edib.

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov ölkədə aparılan məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verib, dövlət və biznes arasında daha sıx dialoq yaradılmasının, islahatların bütün mərhələlərində biznesin dövlətin yanında olmasının əhəmiyyətindən bəhs edib: "Aparılan məhkəmə-hüquq islahatları yerli və xarici iş adamlarının investisiyalarının, biznes mənafelərinin qorunmasına, biznesin inkişafına Azərbaycan dövlətinin daimi diqqətinin bariz nümunəsidir. Dövlət-biznes əlaqələri daha da inkişaf edəcək, məhkəmə-hüquq islahatları uğurla həyata keçiriləcək".