Azərbaycan-Türkiyə biznes forumu keçirilib


Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana rəsmi səfəri çərçivəsində sentyabrın 16-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən ticarət, sənaye, energetika, nəqliyyat və logistika, tikinti, kənd təsərrüfatı, maliyyə, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 300-dək iş adamı iştirak edib.
Biznes forumda ATİB sədri Cemal Yangın, sədr müavini Avni Demirci, İdarə heyətinin üzvləri Rafiq Qarayev, Azər Hətəmov və ATİB üzvləri də iştirak etdi.
AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının rəhbəri Nail Olpak biznes forum iştirakçılarını salamlayaraq təmsil etdikləri qurumların fəaliyyəti və iş adamları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində bu qurumların həyata keçirdiyi tədbirlər barədə danışıblar.

Biznes forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərə yüksək qiymət verərək müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” prinsipi əlaqələrimizin inkişafında möhkəm təməldir.