Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cənab Erkan Özoralın və ATİB İdarə heyətinin təşkilatçılığı ilə Ağdam rayonu ərazisindəki hərbi hissədə Yeni il bayramı münasibəti ilə tədbir təşkil olundu.


28 dekabr 2019-cu ildə Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cənab Erkan Özoral, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Tuğgeneralları cənab İsmail Hakkı Köşeali və cənab Ali Demir, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov, ATİB Sədri Cemal Yangın, sədr müavini Avni Demirci, İdarə Heyətinin üzvləri Rafiq Qarayev, Azər Hətəmov, ATİB Baş Katibi Pərvanə Hacıyeva, üzvlər, müğənnilər və b. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Ağdam rayonundakı "N" saylı hərbi hissədə bayram tədbiri keçirdilər.

Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cənab Erkan Özoral tədbirdə çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə şəxsi heyəti təbrik edib. O, qeyd edib ki, iş adamları yaxın zamanda Ağdama səfər edəcəklər: “Mənim burda olmağımın əsas səbəblərindən biri də budur. Tükiyəli iş adamlarının yeni layihələri var. Onlar burada sənaye bölgəsi yaradacaqlar. İşlər ən qısa zamanda reallaşacaq, bu da Ağdamın iqtisadi həyatına bir hədiyyə olacaq”.

ATİB sədri Cemal Yangın qonaqları, hərbi qulluqçuları və əsgərləri salamlayaraq, qarşıdan gələn bayram münasibətilə onları təbrik edib, orduya göstərilən diqqət və qayğıdan, belə tədbirlərin əhəmiyyətindən danışıb. O, ordu-xalq birliyinin əhəmiyyətindən danışaraq ,əsgərlərə bu şərəfli vəzifə borclarını yerinə yetirmələrində uğurlar arzulayıb. Daha sonra o, ATİB haqqında haqqında məlumat verib. Ağdamda yaradılacaq olan “Qarabağ Sənaye Məhəlləsi”ndən danışaraq layihənin əhəmiyyətindən bəhs edib. ATİB sədri qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında" fərman verib. Bu baxımdan ATİB-də sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının emal olunması, qida və qeyri-qida məhsullarının istehsalı üçün kiçik və orta müəssisələrin yaradılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, regionda işsizliyin aradan qaldırılması məqsədilə Ağdam rayonunda “ Qarabağ Sənaye Məhəlləsi”nin yaradılması təklifini irəli sürüb.

ATİB nümayəndə heyətini qonaq edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov hər kəsə öz təşəkkürünü bildirdi. O, öz çıxışında həmrəylik gününün tarixi əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Ulu Öndərin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra milli birliyə nail olundu, Azərbaycan müxtəlif ölkələrdə məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Ümummilli Liderin milli birlik və azərbaycançılıq ideyaları bu gün də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən inkişaf etdirilir.

Çıxışlardan sonra tədbir rəngarəng konsert proqramı ilə davam edib.

Hərbi hissənin nümayəndələri şəxsi heyətdə vətənpərvərlik ruhunun və döyüş əzminin artırılmasına xidmət edən belə tədbirlərin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.