Rəşad Məcid “Qələmsiz Yazılanlar” kitab təqdimatı


15 yanvar 2020-ci il tarixində Bakı Yunus Emre İnstitutunun Konfrans Salonunda Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin 2019-cu ildə Türkiyədə işıq üzü görən "Qələmsiz Yazılanlar" kitabının təqdimatı keçirildi. Təqdimat mərasimində ATİB Sədri Cemal Yangın iştirak etdi.
Təqdimat mərasimini Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir açaraq bu ilin ilk tədbirinin tanınmış yazar Rəşad Məcidin “Qələmsiz yazılanlar” kitabına həsr olunmasından məmnunluq duyduğunu bildirib. Türkiyənin ölkəmizdəki səfiri cənab Erkan Özoral da müəllifi təbrik edib.
Türkiyənin ölkəmizdəki səfirliyinin müşaviri İrfan Çiftçi də türk və Azərbaycan xalqları arasındakı bağlılıqdan danışıb, qardaş ölkədə nəşr olunan kitabı müasir dövrün yaratdığı yeni janr nümunəsi kimi dəyərləndirib. Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Folklor İnstitutunun direktoru Muxtar İmanov və digər çıxışçılar yeni nəşr olunan kitab haqqında fikirlərini bildiriblər. Kitabın həm ədəbiyyat, həm incəsənət, həm də ümumən ictimai fikir üçün çox maraqlı və mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.