“Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda 2 günlük beynəlxalq konfransın açılış mərasimi keçirilib.


Fevralın 13-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda 2 günlük beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Mərasimdə ATİB İdarə Heyətinin sədri Cemal Yangın və sədrin müavini Mürsəl Rüstəmov iştirak edib.
Tədbirdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov konfransın mövzusunun aktuallığından danışıb. Qeyd edib ki, rəqəmsal iqtisadiyyat və bununla bağlı “Sənaye 4.0” konsepsiyası dünya iqtisadiyyatının gələcək inkişafı, milli iqtisadiyyatların dayanıqlı, innovativ və rəqabətqabiliyyətli inkişafı ilə bağlı ciddi və tamamilə yeni müzakirələri gündəmə gətirib. Rəqəmsal inqilab həyatımızı və yaşadığımız cəmiyyəti görünməmiş dərəcədə yüksək sürətlə və böyük miqyasda transformasiyaya məruz qoyaraq, çox geniş imkanlar yaradır.