ATIB sədri “İslam mədəniyyətində elm və texnologiya” mövzusunda beynəlxalq simpoziumunda iştirak etdi

Fevralın 20-də Xəzər Universitetində IRCICA (Research Center for Islamic Art, Science and History) qurumunun birgə təşkilatçılığı ilə "İslam mədəniyyətində elm və texnologiya” adlı beynəlxalq simpozium öz işinə başladı.

Simpoziumda Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın da iştirak edib.

Simpoziumun açılış proqramında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iştirakçıları salamladıqdan sonra elm tarixinin əhəmiyyəti və İslam mədəniyyətinin elm tarixindəki rolunun əhəmiyyəti haqqında danışdı. Sonra IRCICA-nın direktoru, fəlsəfə doktoru Halit Eren qurumun İslam mədəniyyətinin müxtəlif aspektlərinin tədqiqinə həsr olunmuş rolu haqqında danışaraq, simpoziumun bu fəaliyyətlərə öz töhfəsini verəcəyini bildirdi.

 Türkiyə Respublikasının Azərbaycandakı səfiri İsmail Alper Coşkun Xəzər Universitetinin elmin inkişafına dəstəklə əlaqəli təşkil etdiyi müxtəlif maraqlı tədbirlər arasında İslam mədəniyyətində elm mövzusuna həsr olunmuş bu simpoziumun böyük əhəmiyyət daşıdığını qeyd etdi. Akademik Vasim Məmmədəliyev İslam mədəniyyətinin dünya mədəniyyəti tarixinə töhfələri haqqında danışaraq, ölkəmizdə daha az bilinən bu sahənin aydınlanmasına həsr olunmuş simpoziumun işinə uğurlar arzuladı.