ATIB sədri “İslam mədəniyyətində elm və texnologiya” mövzusunda beynəlxalq simpoziumunda iştirak etdi


Fevralın 20-də Xəzər Universitetində IRCICA (Research Center for Islamic Art, Science and History) qurumunun birgə təşkilatçılığı ilə "İslam mədəniyyətində elm və texnologiya” adlı beynəlxalq simpozium öz işinə başladı.

Simpoziumda Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın da iştirak edib.

Simpoziumun açılış proqramında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iştirakçıları salamladıqdan sonra elm tarixinin əhəmiyyəti və İslam mədəniyyətinin elm tarixindəki rolunun əhəmiyyəti haqqında danışdı. Sonra IRCICA-nın direktoru, fəlsəfə doktoru Halit Eren qurumun İslam mədəniyyətinin müxtəlif aspektlərinin tədqiqinə həsr olunmuş rolu haqqında danışaraq, simpoziumun bu fəaliyyətlərə öz töhfəsini verəcəyini bildirdi.

 Türkiyə Respublikasının Azərbaycandakı səfiri İsmail Alper Coşkun Xəzər Universitetinin elmin inkişafına dəstəklə əlaqəli təşkil etdiyi müxtəlif maraqlı tədbirlər arasında İslam mədəniyyətində elm mövzusuna həsr olunmuş bu simpoziumun böyük əhəmiyyət daşıdığını qeyd etdi. Akademik Vasim Məmmədəliyev İslam mədəniyyətinin dünya mədəniyyəti tarixinə töhfələri haqqında danışaraq, ölkəmizdə daha az bilinən bu sahənin aydınlanmasına həsr olunmuş simpoziumun işinə uğurlar arzuladı.

Xəzər Universiteti İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva Xəzər Universiteti haqqında təqdimatla çıxış etdi. H. Eren H. İsaxanlıya IRCICA qurumu adından hədiyyə təqdim etdikdən sonra universitetin İncəsənət departmentinin müdiri Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə universitetin tələbə və əməkdaşlarının hazırladığı konsert proqramı təqdim olundu.

Simpozimun açılış hissəsindən sonra Xəzər Universitetinin prorektoru, fəlsəfə doktoru Fərda Əsədovun moderatorluğunda simpoziumun birinci plenar iclası başladı. İclasda H. İsaxanlı "İslam dövrü əlkimyası Misir-Yunan-Roma-Çin əlkimyası ilə Avropa kimyası Arasında professor Fərid Ələkbərli "Vatikan Apostol Kitabxanasında orta əsr Azərbaycan müəlliflərinin elmi əsərləri, professor Mustafa Demirci (Türkiyə) "İslâm dünyasında zehniyyət ve elmi inqilabın inkişaf mərhələləri” və professor Mustafa Sabri Küçükaşçı (Türkiyə) "Məhəmməd bin Əhməd əl-Xarəzmi ve Mefâtîhu’l-Ulûmadlı əsəri” mövzusunda  məruzə etdilər.

Nahar fasiləsindən sonra professor Qadir Khurramın (Pakistan) moderatorluğunda professor Cevher Şululun "İslam elmləri və Qərbə təsirləri” (Türkiyə), Arshad İslamın (Malayziya) "Son dövr Abbasilərdə İslam elmləri (945-1258)”, Xəzər universitetinin müəllimi, fəlsəfə doktoru Zivər Hüseynlinin "Səfəvilər dövründə münəccimlik və münəccimlər”, fəlsəfə doktoru Ahmed Abdullahın (Misir) "Misir milli kitabxanasında təbiət elmlərinə dair türkcə əlyazmalar” mövzusunda məruzələri təqdim olundu.

Simpoziumun birinci gününün sonuncu iclasında isə Xəzər Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Fakültəsinin dekanı, professor Hassan Niknafsın moderatorluğunda fəlsəfə doktoru Nusratolla Zakirovun (Tacikistan) "Orta əsrlər müsəlman elm adamlarının dünya mədəniyyətinin inkişafına töhfələri”, fəlsəfə doktorları Bilal Dədəyev və Süleyman Sarıbaşın (Türkiyə) "Marağa rəsədxanasında təhsil və elm”professor Mehmet Rıhtım və fəlsəfə doktoru Yaqub Əliyevin "Nəsirəddin Tusinin həndəsəyə dair iki əsəri və bunların Fateh Sultan Mehmedin kolleksiyasinda saxlanilan əlyazmalari” mövzusunda məruzələri dinlənildi.

Azərbaycanın müxtəlif ali təhsil qurumlarından çoxlu elm adamının və tələbələrin də iştirakı ilə hər plenar iclasın sonunda məruzələrlə əlaqəli sual-cavab və fikir mübadiləsi aparıldı. Maraqlı müzakirələr simpoziumun birinci gününün sonunda qonaqların dəvət olunduğu şam yeməyi ətrafında da davam etdi.

 

ATIB sədri “İslam mədəniyyətində elm və texnologiya” mövzusunda beynəlxalq simpoziumunda iştirak etdi

 

ATIB sədri “İslam mədəniyyətində elm və texnologiya” mövzusunda beynəlxalq simpoziumunda iştirak etdi

 

ATIB sədri “İslam mədəniyyətində elm və texnologiya” mövzusunda beynəlxalq simpoziumunda iştirak etdi