ATİB nümayəndə heyəti Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumunda iştirak edib


6 Mart 2015-ci ildə Batumidə Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumu keçirilib

Forumda Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvləri Rafiq Qarayev və Rəşad Rəsullu iştirak edib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstan-Türkiyə və Gürcüstan-Azərbaycan iqtisadi əlaqələrinin getdikcə inkişaf edərək ən məhsuldar bir dövrə gəlib çatdığını bildirib: "Mən əminəm ki, bu ənənə davam edəcək və bizim ölkələrin əməkdaşlığı daha maraqlı və uğurlu layihələrin həyata keçirilməsinə gətirib çıxardacaq. Gürcüstan, Azərbaycan və Türkiyənin potensiyalı var və biz Şərq ilə Qərb arasında, həmçinin regionda keyfiyyətli iqtisadi əlaqələrdə əsas və əhəmiyyətli oyunçu olacağıq".

 Forum çərçivəsində Gürcüstanın baş naziri Türkiyə və Azərbaycan iqtisadiyyat nazirləri ilə görüşüb və onlara biznes və iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsinə görə təşəkkür edib.

Qeyd edək ki, bu gün Batumidə keçirilən tədbirdə Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci və Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış ediblər.

 

ATİB nümayəndə heyəti Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumunda iştirak edib