“Davamlı gələcək üçün yaşıl biznes” konfransı keçirildi


14 mart 2014-cü ildə İstanbulda "Qara Dəniz və Xəzər Dənizi Biznes Birliyi” təşkilatının (BlackseaCaspianBusiness – BCB, keçmiş UBCCE) TÜSİAD-ın təşkilati dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (GIZ) də maliyyə dəstəyi ilə "Davamlı gələcək üçün yaşıl biznes” Konfransı keçirildi.

Tədbiri giriş sözü ilə açan TÜSİAD-ın İdarə Heyətinin üzvü Cansen Başaran yaşıl biznesin bölgə ölkələri və iqtisadiyyatın ayrı-ayrı sektorları üçün önəmindən bəhs etdi. "Yaşıl biznes: qlobal və regional tətbiqlər” interaktiv sessiyasında Almaniya Yaşıl Müəssisələr Assosiasiyasının (BAUM) aparıcı eksperti Herbert Koepnick, Dünya Bankı Türkiyə üzrə Ölkə Direktoru Martin Raiser və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Traian Chebeleu yaşıl biznes üzrə regional və qlobal trendlər barədə təqdimatlar etdilər.

"Türkiyədə yaşıl biznes: öyrənilən dərslər və gələcək fəaliyyət üçün çərçivə” interaktiv sessiyasında isə karqo, tekstil, kənd təsərrüfatı və tikinti materiallarının istehsalı sektorlarının timsalında Türkiyədə şirkətlərin yaşıl biznesin tətbiqinə yönəlməsi təcrübəsi müzakirə edildi. Konfransda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin eksperti Kənan Aslanlı da iştirak etmişdir.

“Davamlı gələcək üçün yaşıl biznes” konfransı keçirildi