Azərbaycan və Türkiyə iş adamları üçün “Rəqəmsal Məşğulluq” tədbirlərinin təqdimatı keçirilib


12 mart 2021-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyin (ATİB) üzvlərinə online zoom proqramı ilə ilə “Rəqəmsal Məşğulluq” adlı online görüş keçirib. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, ATİB İdarə Heyətinin sədri cənab Cemal Yangın , DEİK Türkiyə Azərbaycan İş Konseyinin sədri cənab Selçuk Akat, İqtisad Universitetinin rektoru Ədalət Muradov, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç və digər ATİB üzvləri iştirak edib.
Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli şanlı Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, bu müharibənin qaziləri, erməni terrorundan zərər çəkən şəxslərin məşğulluqlarının təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.
Rəqəmsal məşğulluğa keçid sahəsində aparılan islahatlarla bağlı təqdimat edən M.Abbasbəyli qeyd edib ki, artıq ölkə üzrə bütün vakansiyalar “Məşğulluq” altsistemində toplanır. İşəgötürənlərin hesabatları kağız üzərində təqdim etməsi praktikası ləğv edilərək, bu proses elektron müstəviyə keçirilib.
İşsiz və işaxtaran şəxslərin qeydiyyatı prosesi elektronlaşdırılıb, “Əmək münasibətləri və məşğulluq” altsistemi (ƏMAS) adlı vahid əmək münasibətləri platforması qurulur. ƏMAS bütün əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini özündə birləşdirəcək. ƏMAS bütün işəgötürənlər və işə qəbul olanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də digər dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolunda çıxış edəcək.
Sədr həmçinin bildirib ki, Agentlik tərəfindən ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, E-əmək birjası və yarmarkası, ictimai işlər portalı (works.gov.az) və BACAR innovativ platforması üzrə işlərə də başlanılıb.
M.Abbasbəyli eyni zamanda 2020-ci il ərzində Agentlik tərəfindən 100 min nəfərin iş ilə təmin olunduğunu, 12 min şəxsin özünüməşğulluq proqramına cəlb edildiyini, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin daha da genişləndirildiyini, yeni layihələrə start verildiyini diqqətə çatdırıb.
Daha sonra görüş iştirakçılarının sualları cavablandırılıb.