Türkiyənin Azərbaycandakı səfirliyində "Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü" münasibətilə rəsmi qəbul təşkil edilib.
Tədbirdə səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət adamlari, ATİB İdarə Heyətinin Sədr müavini Mehmet Sami Acarözmenin başçılıq etdiyi nümayəndə heyeti, xarici ölkələrin Bakıdakı səfirləri və media təmsilçiləri iştirak ediblər.
Rəsmi qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Türkiyənin
Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun tarixə nəzər salaraq türk
xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün
rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını
bildirib. O qeyd edib ki, bu böyük zəfər türk millətinin
sarsılmazlığının və iradəsinin nümunəsidir və bütün bunların nəticəsi
olaraq bugünkü Türkiyə dövləti meydana gəlmişdir.
Tədbirdə çıxış edən
Türkiyənin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat
Taşdeler türk xalqının istiqlaliyyət uğrunda apardığı şərəfli mübarizə
yolundan danışıb. Diqqətə çatdırıb ki, böyük öndər Mustafa Kamal
Atatürkün "Yurdda sülh, cahanda sülh” prinsipini rəhbər tutan Türkiyə
hərbçiləri dünyanın müxtəlif bölgələrində sülhməramlı missiyanı yerinə
yetirirlər. Türkiyə ordusu bundan sonra da dünyada sülhün bərqərar
olması istiqamətində əzmlə mübarizə aparacaq.
Tədbir konsert proqramı ilə davam edib.