UNEC İqtisadi Forumunun sonuncu paneli: “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya"


Dekabrın 3-də UNEC İqtisadi Forumu 2021 “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” mövzusunda keçirilən sonuncu panel ilə yekunlaşıb.
Forumun panelində Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, ATİB-in İdarə Heyətinin sədri Camal Yanğın, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev və Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev iştirak ediblər.
Forumda çıxış edən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Camal Yanğın Qarabağda rəqabətqabiliyyətli biznes mühitinin yaradılmasının çox mühüm amillərdən biri olduğunu deyib. O, Qarabağda konqres mərkəzlərinın yaradılmasının, Davos forumu kimi önəmli tədbirlərə məhz həmin ərazilərin ev sahibliyi etməsinin strateji önəm daşıdığını bildirib. ATİB sədri işğaldan azad edilmiş ərazilərdə peşə məktəblərinin yaradılmasını da önə çəkib.
İştirakçıların böyük maraqla dinlədikləri çıxışlardan sonra suallar cavablandırılıb.
“Zəfər yolu” devizi ilə Dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan, 3 gün yerli və beynəlxalq nümayəndələrin, ictimaiyyətin diqqət mərkəzində olan UNEC İqtisadi Forumu öz işini uğurla başa vurub.