“Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) sahibkarlarla müzakirəsinə həsr olunmuş görüş


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) sahibkarlarla müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Görüşdə ATİB İdarə Heyətinin üzvü Rafiq Qarayev və Baş Katib Pərvanə Hacıyeva iştirak etdi. Rafiq Qarayev mövzu barədə çıxış edərək öz fikrini bildirdi.
Dəyirmi masada İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Milli Məclisin Komitə sədri Musa Quliyev, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli çıxış ediblər. Natiqlər “Əmək və Məşğulluq” altsistemi istifadəyə verilməsinin əmək münasibətlərində köklü dəyişikliklərə səbəb olacağı vurğulanıb. Bildirilib ki, yeni altsistemin tətbiqi əmək bazarının bütün iştirakçıları üçün faydalı olacaqdır və ölkəmizdə bu sahə üzrə ciddi dəstək mexanizmi formalaşdırır. Belə ki, sözügedən altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur. Həmçinin bu e-platforma işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq.