ATİB İdarə Heyətini, Ehtiyat İdarə Heyətini və Maliyyə Təftiş Komissiyasını Türkiyə Respublikasının Azərbaycandakı Səfiri Doç. Dr. Cahit Bağcı qəbul etdi


Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) 19 may 2022-ci ildə keçirilmiş Ümumi Yığıncağında seçilmiş İdarə Heyətini, Ehtiyat İdarə Heyətini və Maliyyə Təftiş Komissiyasını 9 iyun 2022-ci ildə Türkiyə Respublikasının Azərbaycandakı Səfiri Doç. Dr. Cahit Bağcı qəbul etdi.
Görüşdən əvvəl ATİB İdarə heyətinin sədri Cemal Yangın, İdarə heyətinin üzvləri Mürsəl Rüstəmov, Rafiq Qarayev, Tahsin Gündem, Rəna Məmmədova, Sürəyya Verdiyeva, İdarə heyətinin ehtiyat üzvləri Ramin Məmmədov, Sevda Süleymanova, Maliyyə Təftiş Komissiyasının üzvləri Fatih Güven, Nəzər Eminov və Baş Katib Pərvanə Hacıyeva Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstəsi qoydular.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilərək məzarları üstünə tər çiçəklər düzüldü.
Nümayəndə heyəti 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstünə gül dəstələri qoydular.
Daha sonra isə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Doç.Dr. Cahit Bağcı tərəfindən qəbul edilmişdir.
Qəbul üçün təşəkkür edən ATİB İdarə Heyətinin sədri Cemal Yangın hər zaman səfriliyin dəstəyini hiss etdiklərini bildirib: “Sizə və Türkiyə Respublikası səfirliyinin dəyərli əməkdaşlarına ATİB-in Ümumi Yığıncağında iştirakınıza görə təşəkkür edirik. ATİB olaraq bundan sonra da iki qardaş ölkənin maraqları naminə çalışacağımızdan əmin olmanızı istəyirik”.
Türkiyənin səfiri Doç.Dr. Cahit Bağcı öz növbəsində qeyd edib ki, ATİB Azərbaycanın iş adamları təşkilatları sırasında özünəməxsus yer tutur: “Əminəm ki, siz bundan öncə olduğu kimi, bundan sonra da işlərinizi uğurla davam etdirəcəksiniz. Biz ATİB-dən yeni layihələr və yeni uğurlar gözləyirik”.
Daha sonra görüş qarşılıqlı müzakirələrlə davam edib.