“İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional sənaye konfransı keçirildi


Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 2014-cü ili "Sənaye ili” elan etməsi ilə əlaqədar Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) tərəfdaşlığı ilə 24 Sentyabr 2014-cü ildə Bakı şəhərində "İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional sənaye konfransı keçirildi. Konfransda Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi başda olmaqla mərkəzi icra hakimiyyəti orqanlarının yüksək səviyyəli nümayəndələri, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri və müşavirləri, universitet rektorları və araşdırma institutlarının tanınmış alimləri, qeyri-hökumət təşkilatları və özəl sektor (həm real sektor, həm də maliyyə sektoru olmaqla) təmsilçiləri iştirak edib. Tədbirə həmçinin Türkiyədən, Gürcüstandan, Rusiyadan və Türkmənistandan iş adamları qatılıb.

Öz işini iki panel üzrə quran konfransın gündəliyinə iki məsələ daxil edilmişdi. Birinci panel üzrə "Azərbaycan və Türkiyənin sənayeləşmə prosesinin mərhələləri və qazanılan nailiyyətlər ", ikinci paneldə isə "Sənayenin inkişafında özəl sektorun önəmi və sənayenin maliyyələşməsi" məsələləri müzakirə olundu.

Tədbiri giriş sözü ilə açan ATİB-in idarə heyətinin sədri Cemal Yangın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2014-cü ilin Azərbaycanda "Sənaye ili" elan olunmasının əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, bu sənəd müasir çağırışlar və yeni təşəbbüslər çərçivəsində sənayenin modernləşdirilməsi, qeyri-neft sektorunun şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, mövcud təbii və iqtisadi resursların iqtisadiyyatın dövriyyəsinə cəlb edilməsi, yeni sənaye parklarının yaradılması və sair mühüm məsələləri əhatə edir. Bu baxımdan sənayenin inkişafına görə dünyada beşinci yerdə olan Türkiyənin təcrübəsindən Azərbaycanda istifadə olunması məqsədəuyğundur.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov isə dövət müstəqilliyinin bərpasından sonra ölkəmizin iqtisadi sahədə böyük uğurlara imza atmasından, qeyri-neft sektorundakı inkişafdan, xüsusən də son dövrlər beynəlxalq standartların tələblərinə cavab verən müasir sənaye müəssisələrinin fəaliyyəti haqqında məlumat verdi. O deyilənlərə nümunə kimi nüfuzlu reytinq agentliklərinin araşdırmalarının nəticəsi olaraq hazırladıqları hesabatlarda Azərbaycanın mövqeyinin davamlı olaraq   yüksəlməsini qeyd etdi.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun təmsil etdiyi ölkəsinin başlıca hədəfinin Azərbaycanın inkişafına kömək göstərməyə hər zaman hazır olmalarını ifadə etdi. Ölkəmizdə reallaşdırılan iqtisadi yönlü proqram xarakterli layihələri dəstəklədiklərini deyən diplomat bugünə kimi iki ölkə arasında reallaşdırılan və həyata keçirilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Ceyhan, Bakı-Qars-Axalkalaki, TANAP və sair qlobal əhəmiyyətli layihələrdən danışdı.

Tədbirin 1-ci panelində Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı, İqtisad Universitetinin rektoru Ədalət Muradov və ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Türk Əməkdaşlıqvə Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram koordinatoru Mustafa Haşim Polat və İstanbul Sənaye Palatasının keçmiş rəhbəri, iş adamı Hüsamettin Kavi çıxış etdilər. Çıxışlarda sənayeləşmə üçün zəruri olan iqtisadi şərtlər, sənaye modellərinin nəzəri və praktik xüsusiyyətləri, Azərbaycanda sənayeləşmənin tarixi ənənələrə malik olması, dünyada neftin ilk dəfə Azərbaycanda sənaye üsulu ilə hasil edilməsi, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmlərdə sənayeləşmənin əhəmiyyətli yüksəlişi və hazırda Prezident İlham Əliyevin bu sahəyə verdiyi töhfələrdən söz açıldı. Bununla yanaşı Türkiyənin sənayeləşmə prosesinin müxtəlif mərhələlərində qarşılaşdığı çətinliklərin öhdəsindən hansı vasitələrlə gəlməsi və buradan Azərbaycan üçün çıxarılmalı olan dərslər də müzakirə olundu.

Konfransın 2-ci panelində isə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, "Türk Eximbank”ın Beynəlxalq Ticarətin Maliyyəsi departamentinin rəhbəri Fırat Dursun, AZPROMO-nun prezidenti Rüfət Məmmədov, "Albaraka Türk”ün baş direktoru Fahrettin Yahşi və "Yapı Kredi Bank Azərbaycan”ın İdarə Heyətinin sədri Altan Şentürk maraqlı çıxışlar etdilər. Bu paneldə əsasən sənayenin maliyyə-bank sektoru ilə əlaqələri, investisiya bankçılığı, iştirakçı bankçılıq və ticari bankçılığın sənaye müəssisələrini kreditləşdirmə məsələsinə yanaşmaları, maliyyə sektoru ilə real sektor münasibətlərində Türkiyə modelindən Azərbaycan üçün tətbiq oluna bilən real örnəklər, habelə sənaye müəssisələrinin innovasiya və fundamental tədqiqatlara xərcləmələri məsələlərinə toxunuldu.

Hər bir paneldən sonra çıxışçıların qaldırdıqları maraq doğuran məsələlər ətrafında aktiv müzakirələr aparıldı və yekun nitqi ilə konfransın işi başa çatdı.

 

“İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional sənaye konfransı keçirildi

 

“İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional sənaye konfransı keçirildi

 

“İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional sənaye konfransı keçirildi

 

“İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional sənaye konfransı keçirildi

 

“İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional sənaye konfransı keçirildi

 

“İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional sənaye konfransı keçirildi