Füzuli, Tərtər, Ağdam şəhərlərində 16 təhlükəsiz uşaq meydançasının açılışı


Türk Qızıl Aypara Cəmiyyəti 2-ci Qarabağ müharibəsi zamanı Ermənistanın hücumlarından zərər çəkmiş Tərtər, Ağdam və Füzuli rayonlarında 16 məktəbin həyətində uşaq oyun meydançaları qurub.
Tərtərin Evoğlu kənd məktəbində Türk Qızıl Aypara Cəmiyyəti tərəfindən tikilən uşaq meydançasının açılış mərasimi keçirilib.
26 sentyabr 2022-ci ildə keçirilən açılışda ATİB İdarə Heyətinin üzvləri Tahsin Gündem, Rafiq Qarayev və Kaya Karslı iştirak etdi.
Mərasimdə Türk Qızıl Aypara Cəmiyyətinin baş katibi Yusuf Ramazan Sayqılı, Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağcı, Türkiyənin Gəncə baş konsulu Zeki Öztürk, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, qazilər, şəhid yaxınları, kənd sakinləri və tələbələr iştirak ediblər.
Yaxşı gündə də, pis gündə də Azərbaycanın yanında olmaqdan məmnun olduqlarını dilə gətirən Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağcı dünyanın hər tərəfində türk millətinin bayrağını, səsini, yardımını könül körpüsünə çevirən 154 illik tarixə malik Türk Qızıl Aypara Cəmiyyətinin Azərbaycanda erməni vəhşiliklərindən zərər çəkmiş bölgələrdə qardaşlıq rəmzi olaraq tikilən oyun meydançalarının açılışını reallaşdırdıqlarını bildirib.
Türk Qızıl Aypara Cəmiyyətinin təxminən 100 min dollarlıq büdcə ilə 16 oyun meydançası qurduğunu qeyd edən Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağcı "Türk Qızıl Aypara Cəmiyyəti azərbaycanlı qardaşlarımızın uşaqlarının yanında olduğunu hiss etdirdi. Bu, kömək deyil, könül körpüsüdür. Türk millətinin Azərbaycanın yanında olduğunun göstəricisidir”, – deyib.