Şimali Kipr Türk Respublikası Bakı nümayəndəliyinin mədəniyyət və təhsil attaşesi, tanınmış fotoqraf Tevfik Ulualın “Qardaş ölkələr” adlı fotosərgisi keçirildi


KKTC Bakı nümayəndəliyi və Suraxanı Gənclər Evinin təşkilatçılığı ilə 1 noyabr 2022-ci il tarixində Şimali Kipr Türk Respublikası Bakı nümayəndəliyinin mədəniyyət və təhsil attaşesi, tanınmış fotoqraf Tevfik Ulualın “Qardaş ölkələr” adlı fotosərgisi keçirildi.
Sərgidə ATİB İdarə heyətinin sədr müavini Mürsəl Rüstəmov, idarə heyətinin üzvü Kaya Karslı və ATİB üzvləri Berkan Uludağlı, Eylem Gültekin iştirak edib.
Tevfik Ulual 2008-ci ildən fotoqraflıqla məşğul olur. 2019-cu ildən etibarən isə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsiçliyində mədəniyyət və təhsil attaşesi olaraq fəaliyyətə başlayıb.
“Bu müddətdə Bakıdakı gözəl yerlərin fotolarını çəkdim. Daha sonra Kıbrısdakı və Bakıdakı fotoçəkilişlərimi birləşdirərək “Qardaş ölkələr” adlı sərgi təşkil etməyi planlaşdırdıq. Bu sərgi vasitəsilə hər iki ölkəni bir-birinə – həm Azərbaycana Kıbrısı, həm də Kıbrısa Azərbaycanı tanıtmaq baxımından maraqlı bir iş olacağını fikirləşirəm. Belə mədəni, sənət işlərinin ölkələrimiz arasında qardaşlıq bağlantısının inkişafı baxımından gözəl bir ilmək atacağını düşünürəm”, – deyə o, öz açıqlamasında bildirib.
Qeyd edək ki, Tevfik Ulualın “Qardaş ölkələr” adlı ilk fərdi yaradıcılıq sərgisi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümə həsr olunub.