Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib


Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Millli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə 30 oktyabr 2014-cü ildə "Qarşılıqlı İxracatın təşkili və üçüncü bazarlara birgə ixracat imkanları” adlı Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və digər müvafiq dövlət qurumlarının dəstəyi ilə həyata keçirilən tədbirdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən (proqram təminatı, avadanlıq, elektronika, kilid, təhlükəsizlik sistemləri, kabel, ölçü cihazları, TV reklam və s.) Türkiyə şirkətləri iştirak ediblər.

 Biznes forumda ATİB İdarə heyətinin sədri Cemal Yangın da iştirak edib.

 Biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Türkiyə Elektrik Texnologiyaları İdarə Heyətinin sədri Fatih Kamal Ebiçlioğlu təşkil olunan forumun iki ölkənin iş adamları arasında mövcud əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bildirib. O qeyd edib ki, Azərbaycanda və xarici ölkələrdə təşkil edilən konfrans, sərgi və biznes forumlar ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

İqtisadiyyat və Sənaye Nazirinin müavini Sahib Məmmədov bildirib ki, hal-hazırda 1400-dən çox Azərbaycan şirkəti Türkiyədə inşaat, sənaye, xidmət, turizm, enerji və nəqliyyat sahələrində fəaliyyət göstərirlər. 1995-2013-cü illər ərzində Türkiyə tərəfindən 1,9 mlrd. dollar  həcmində Azərbaycanda qeyri-neft sektoruna birbaşa investisiya yatırılmış və bu göstərici ilə Türkiyə 25,5% -lik payla 1-ci yerdədir. Sahib Məmmədov qeyd edib ki, iş adamları arasında keçirilən ikitərəfli görüşlər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, xüsusilə də 3-cü ölkələrə birgə ixracın təmin olunmasına öz müsbət təsirini  göstərəcəkdir.

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun təşkil olunan biznes forumun Azərbaycan-Türkiyə dostluğunun və əməkdaşlığının daha da möhkəmlənməsinə müsbət təsir göstərəcəyini qeyd edib. Səfir bildirib ki, hər il təşkil edilən belə toplantılar  mühüm qərarları ilə yadda qalır: "Bu qərarlarda, iki ölkə arasında həm qarşılıqlı investisiyaların həyata keçirilməsi, həm də ticarət əlaqələrinin hazırkı 4-5 mlrd. dollarlıq səviyyədən daha yüksək həddə, yəni illik 15-20 mlrd. Dollar çatdırılması  kimi hədəflər müəyyənləşdirilib. Eyni zamanda, Azərbaycan və Türkiyə iş adamlarının həyata keçirəcəkləri qarşılıqlı investisiya layihələrindən  üçüncü ölkələrin bu layihələrə cəlb edilməsi də diqqət mərkəzindədir”. Diplomat bildirib ki, Türkiyədən gələn iş adamları azərbaycanlı həmkarları  ilə görüşəcək, onları maraqlandıran məsələləri müzakirə edəcəklər.

Biznes forumda çıxış edən ASK prezidenti Məmməd Musayev Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişaf etdiyini və bu strateji məqsədin gələcəkdə müsbət nəticələr gətirəcəyini dilə gətirib.

Həmçinin qeyd edib ki, Azərbaycanda bir çox türk şirkətləri, eləcə də Türkiyədə Azərbaycan  iş adamları  uğurla fəaliyyət göstərirlər. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yeri tutur.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

 

Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib

 

Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib

 

Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib

 

Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib