Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ATİB üzvləri ilə görüşdülər


24 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayevin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadənin Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvləri ilə görüşü keçirildi. Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin Əmək və Sosial müdafiə məsələləri üzrə müşaviri Namık Ata da iştirak edib.

Görüşün keçirilməsində məqsəd Azərbaycan Respublikasının əmək və miqrasiya qanunvericiliyi, əcnəbi vətəndaşların Azərbaycanda çalışmaları üçün zəruri olan prosedur, iş yerlərində təhlükəsizlik normalarının təmin edilməsi üzrə tələblər və s. barədə ATİB üzvlərini məlumatlandırmaq idi.

Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev işçi və işgötürən arasında əlaqələrin düzgün qurulmasının zəruri olduğunu bildirdi. O, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin (EİS) yaradılması və tətbiqinə başlanılmasını hesabat dövrünün ən uğurlu islahat tədbirlərindən biri kimi göstərək qeyd edib ki, sistem tətbiq olunduqdan sonra işəgötürənlərin məlumatlandırılması, sistemdən istifadə ilə bağlı onların praktik bilgilərə sahib olmaları üçün xidmət tərəfindən ardıcıl və çoxşaxəli işlər görülüb və müvafiq Qaydalar, metodiki materiallar nazirliyin rəsmi saytında yerləşdirilib.

İdris İsayev Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) əlaqadar orqanlarla əməkdaşlıq edərək maarifləndirmə işi aparmasını alqışladığını bildirdi.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad ƏlizadəAzərbaycanda əmək münasibətlərinin elektron qeydiyyatı mexanizminin yaradılmasının beynəlxalq qurumlar tərəfindən maraq və rəğbətlə qarşılandığını, bunun dünyada mütərəqqi təcrübələrdən biri və digər bir çox ölkələr üçün nümunə kimi dəyərləndirildiyini bildirib: "Çünki bu sistem əmək münasibətləri sahəsində şəffaflığın təmin olunmasına, bu sahəyə birbaşa və obyektiv dövlət nəzarətinin həyata keçirilməsinə, işçilərin əmək və gələcək sosial təminat,  layiqli pensiya hüquqlarının etibarlı təminatına imkan yaradıb. Dövlət nəzarəti zamanı qeyri-leqal işçiləri dərhal müəyyən etməyə imkan verən bu sistem nəticə etibarilə sosial sığorta, vergi daxilolmalarının artmasına şərait yaradır. Həmçinin EİS-in tətbiqi işəgötürənlərin qısa bir dövrdə elektron imzaya, e-imza ilə işləmək bacarıqlarına yiyələnmələrinə, bağlanan hər bir əmək  müqaviləsinin artıq kağız daşıyıcılıq formasından çıxaraq elektron sənəd kimi formalaşmasına və istənilən halda işçilərin hüquqlarının müdafiəsində hüquq əsas rolu oynaya bilməsinə səbəb olub”.

Türkiyənin Azərbaycandakı səfirliyinin Əmək və Sosial müdafiə məsələləri üzrə müşaviri Namık Ata əcnəbi vətəndaşların Azərbaycanda əmək müqaviləsi ilə işə götürülməsi məsələlərinə aydınlıq gətirdi.

Daha sonra görüş iştirakçıların suallarını cavablandırmaqla davam etdirildi.