Bakıda “Təhsildən məşğulluğa: gənc və ali təhsilli ilk dəfə iş axtaranlara dəstək” layihəsinin təqdimatı keçirildi


24 iyun 2014-cü ildə Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatı (BƏT) birgə "Təhsildən məşğulluğa: gənc və ali təhsilli ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsinin təqdimatını keçirdilər. Tədbiri giriş sözü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov açdı. Sonra isə BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə ofisinin direktoru Dmitrina Dmitrova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri və Azərbaycan Sahibkarlar Konfederasiyasının icraçı katibi açılış çıxışları etdilər. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov tədbirdə qeyd etdi ki, bu gün ölkədə 40% ali təhsilli gəncin aldıqları təhsilə əmək bazarında ehtiyac yoxdur. "Əsasən 25-29 yaş arası gənclərə tələbat vardır, lakin 25 yaşdan aşağı gənclərin işə düzəlməsi də müəyyən çətinliklərlə üzləşir” - deyə nazir bildirib. Daha sonra Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi layihə barədə təqdimat etdi, işəgötürənlər və iş axtaran gənclər layihə barədə fikirlərini söylədilər. Hökumət, beynəlxalq təşkilat və özəl sektor arasında sosial dialoqun uğurlu nümunəsi olan bu layihəyə görə yaşı 29-a çatmayan gəncləri işə götürən şirkətlərə həmin işçilərin əmək haqqının 50%-ni layihə ödəyəcək. Tədbirdə Azərbaycan-Türkiyə İş Adamları Birliyini (ATİB) təşkilatın eksperti Kənan Aslanlı təmsil edib.