Türkiyənin müstəqilliyinin 91-ci ili münasibətilə rəsmi qəbul verildi


Oktyabrın 29-da Türkiyənin Azərbaycandakı səfirliyi cümhuriyyətin elan edilməsinin 91 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.

Qəbulda ATİB İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvləri və ATİB üzvləri də iştirak etdilər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir İsmail Alper Coşkun ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyənin istiqlal mübarizəsindən və ölkəsinin keçdiyi inkişaf yolundan danışdı.

Səfir qeyd etdi ki, Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, eləcə də demokratiya və insan haqları sahələrində böyük addımlar ataraq regionda və dünyada öz mövqeyini möhkəmləndirib.

İkitərəfli əlaqələrin inkişafında dövlət və hökumət başçılarının rolunu xüsusi vurğulayan İsmail Alper Coşkun dedi ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan danışıqlar və imzalanmış çoxsaylı sənədlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin adından əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün Türkiyə xalqını təbrik edən Baş nazirin müavini Abid Şərifov qardaş ölkəyə firavanlıq və uğurlar arzuladı. İki ölkə arasındakı mövcud münasibətlərdən danışan Baş nazirin müavini elm, təhsil, iqtisadiyyat, mədəniyyət və hərbi sahələrdə sıx əməkdaşlığın olduğunu dedi. Abid Şərifov bildirdi ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri alıb, qardaşlıq əlaqələrimiz daha da möhkəmlənib. Bu gün bu əlaqələr sürətlə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir və eyni mövqedən çıxış edir.