18 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Güc biznesindir” devizi ilə “Dayaq” mükafatının təqdim olunması mərasimi keçirilib.
Tədbirdə millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, iş adamları, biznes assosiasiyalarının nümayəndələri, o cümlədən, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sahibkarlığın inkişafının yeni iş yerlərinin yaradılmasına və əhalinin rifah halının yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd edib. Sahibkarlığa dəstək tədbirlərinin həm vətəndaş rifahının yüksəldilməsinə, həm də iqtisadi inkişafa xidmət etdiyini bildirən Anar Əliyev, “Dayaq” mükafatına layiq görülən iştirakçıları təbrik edib.
Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxışında iqtisadi mənzərəsi və özəl sektorun inkişaf göstəriciləri barədə məlumat verib. Son illərdə dövlətin əsas prioritetlərindən birinin işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına mümkün qədər qısa müddətdə qayıtması olduğunu vurğulayan Elnur Əliyev, dövlət və özəl sektor əməkdaşlığının bu sahədə də özünü müsbət mənada göstərdiyini və bizneslərin Böyük Qayıdış prosesində fəal iştirak etdiyini bildirib.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Kiçik və Orta Biznesin İnkişafı Agetliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov isə çıxışlarında KOB-ların dayanıqlı və davamlı iqtisadi inkişafda artan rolu, dövlət-özəl əməkdaşlığı barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə KOBİA tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsinin qalibləri təqdim edilib.
Daha sonra “2026: KOB-ların çağırışı” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbir bədii hissə ilə başa çatıb.