21 yanvar 2026-cı il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “Sirab Satış və Dağıtım” MMC-ni ziyarət edib.
Şirkətin ofisində keçirilən görüşdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, “Sirab Satış və Dağıtım” MMC-nin direktoru, ATİB İdarə Heyəti sədrinin müavini Alper Yaycılı, İdarə Heyətinin üzvləri İlkin Əliyev və Lamiyə Bayramova və Katibliyin nümayəndələri iştirak ediblər.
İlk olaraq ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov “Sirab Satış və Dağıtım” MMC-nin məhsul keyfiyyətinin artırılması, istehsal proseslərinin təkmilləşdirilməsi və beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsi sahəsində səylərini təqdir etdiyini və Şirkətin Azərbaycanın mineral su bazarının inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdiyini qeyd edib. Sədr ATİB sıralarına yaxın dövrdə qoşulmuş “Sirab”-ın qısa müddət ərzində Birliyin fəaliyyətinə göstərdiyi dəstəyin gələcəkdə daha da güclənərək sıx əməkdaşlığa çevriləcəyinə ümid etdiyini dilə gətirib.
İdarə Heyətinin sədrinin fikirlərini yüksək qiymətləndirdiyini qeyd edən “Sirab Satış və Dağıtım” MMC-nin direktoru Alper Yaycılı öz növbəsində Birliyin üzvləri sırasında olmaqdan məmnun olduqlarını bildirib. O, ölkə daxilində və beynəlxalq səviyyədə “Sirab” markasının satış və paylanmasını təşkil edən Şirkətin keyfiyyətli və təmiz mineral suların təqdimatında standartlara ciddi riayət etdiyini, istehsal proseslərinin beynəlxalq keyfiyyət standartlarına uyğun həyata keçirildiyini diqqətə çatdırıb.
Daha sonra Birliyin mövcud fəaliyyəti və perspektiv layihələr barədə fikir mübadiləsi aparılıb.