19 noyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sisteminin qlobal tərəfdaşlığı ilə “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” IX Beynəlxalq Bankçılıq Forumu baş tutub.
Forumda dövlət qurumlarının, Mərkəzi Bankın, kommersiya banklarının, dövlət və özəl şirkətlərin, nüfuzlu beynəlxalq maliyyə təşkilatlarının, diplomatik nümayəndəliklərin, habelə biznes assosiasiyalarının təmsilçiləri, o cümlədən Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov iştirak ediblər.
Açılış panelində Azərbaycan Respublikası Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov, Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakar, Polşa Banklar Assosiasiyasının icraçı vitse-prezidenti Vlodzimerj Kicinski, həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edərək regional bankçılıqda transformasiya, innovasiya və dayanıqlılıq istiqamətində görülən işlər barədə fikirlərini bölüşüblər.
Panel çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev rəqəmsal həllərin bank ekosistemində rolu, ekosistemin genişlənməsi və tənzimləyici yanaşmaların təkmilləşdirilməsi ilə bağlı çıxış ediblər. Paneldə həmçinin “Mastercard”ı təmsil edən Kutay Akın qlobal ödəniş tendensiyalarının region bankçılığına təsirləri və yaranan yeni imkanlar barədə ətraflı təqdimat edib.
Nağdsız iqtisadiyyat, rəqəmsal transformasiyada sıçrayış tendensiyaları, maliyyə texnologiyaları, rəqəmsal bank həlləri kimi məsələlərin müzakirəsi üçün geniş platforma olan Forum 2 gün (19-20 noyabr) davam edib.