13 noyabr 2025-ci il tarixində Şimali Kipr Türk Respublikasının yaranmasının 42-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.
ŞKTR Bakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof.Dr.Birol Akgün, Səfirliyinin müşavirləri, Azərbaycan parlamentinin deputatları, dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti, habelə mədəniyyət və incəsənət xadimləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri və iş adamları iştirak ediblər.
Tədbirin rəsmi hissəsinin açılışında çıxış edən Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turqaner xalqımızı və qəhrəman Azərbaycan Ordusunu 5 il əvvəl qazanılmış Qarabağ Zəfəri münasibətilə təbrik edərək Prezidenti İlham Əliyevin liderliyi ilə birlik olan Azərbaycan xalqının şanlı Qələbəsinin Şimali Kipr üçün böyük fəxr mənbəyi olduğunu bildirib. Ufuk Turqaner parlamentlərarası dostluq qruplarının səmərəli fəaliyyətini qeyd edərək Cənubi Qafqazda sülh və sabitlik üçün hüquq və qanunlara hörmətin vacibliyini vurğulayıb. O, Kipr türklərinin dövlətlərinin və Türkiyənin dəstəyi ilə daha da gücləndiyini, Şərqi Aralıq dənizində qanuni haqlarının əsas təminatının Ana Vətənin güclü siyasəti olduğunu diqqətə çatdırıb.
Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev çıxışında Şimali Kiprin sülh və əmin-amanlıq uğrunda müstəqillik mübarizəsini qətiyyətlə davam etdirdiyini bildirib. Şimali Kiprin Türk dünyası tarixində birlik və azadlıq uğrunda mübarizənin önəmli simalarından biri olduğunu qeyd edən Cavanşir Feyziyev ölkənin Türkiyənin davamlı dəstəyi ilə inkişaf etdiyini və regional sabitliyə töhfə verdiyini vurğulayıb. Həmçinin Cavanşir Feyziyev Şimali Kiprin beynəlxalq tədbirlərdə bayrağının dalğalanmasının türk birliyinin və həmrəyliyinin bariz nümunəsi olduğunu dilə gətirib.
Çıxışlardan sonra tədbir ziyafətlə davam edib.