28 noyabr 2025-ci il tarixində Türkiyənin Aydın Gənc İş Adamları Dərnəyi (AYGİAD) İdarə Heyətinin sədri Taşkın Ceritin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.
Qonaqları ATİB İdarə Heyəti sədrinin müavini Tahsin Gündem, İdarə Heyətin üzvü Seymur Bünyatov, Birliyin üzvü Eyyub Cavanşir və Katibliyin rəhbəri Mehriban Əsədli qəbul ediblər.
İlk olaraq Azərbaycan-Türkiyə İş Adamları Birliyinin tarixi barədə danışan Tahsin Gündem türk iş adamları ilə yerli biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin Birliyin fəaliyyət prioritetini təşkil etdiyini qeyd edib. Sədr müavini ATİB-in Azərbaycanda azad sahibkarlıq mühitinin inkişaf etdirilməsi ilə yanaşı iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin möhkəmləndirilməsinə də mühüm töhfə verdiyini diqqətə çatdırıb.
AYGİAD-ın fəaliyyəti barədə ətraflı məlumat verən İdarə Heyətinin sədri Taşkın Cerit öz növbəsində türk iş adamlarının qardaş Azərbaycanla biznes əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu, bu məqsədlə ölkəmizə investisiya imkanlarını müəyyən etmək üçün bazarı araşdırdıqlarını qeyd edib.
Nümayəndə heyətinin üzvləri ilə tanışlıqdan sonra Azərbaycanda sənaye və investisiya imkanları, işğaldan azad edilmiş Qarabağ iqtisadi zonasında icra olunan və planlaşdırılan layihələr, xarici investorlar üçün nəzərdə tutulan güzəştlər, habelə iki ölkə arasında biznes əlaqələrinin cari vəziyyəti, eləcə də tərəflər üçün maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda ATİB İdarə Heyəti sədrinin müavini Tahsin Gündemə Aydın Gənc İş Adamları Dərnəyi adından xatirə hədiyyəsi təqdim edilib.