23 yanvar 2026-ci il tarixində “HBN Group” MMC-nin SOCAR Midstream Gas Operations və Cənubi Qafqaz Boru Kəməri tərəfdaşlarının dəstəyi ilə həyata keçirdiyi “Yeni Üfüq” sosial layihəsinin açılış mərasimi baş tutub.
Tədbirdə dövlət qurumlarının, özəl şirkətlərin, qeyri-hökümət təşkilatlarının təmsilçiləri, o cümlədən Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, eləcə də uşaq evləri və internat məktəblərinin rəhbərləri iştirak ediblər.
Açılış nitqində “Yeni Üfüq” layihəsinin sosial məsuliyyət yanaşmasının mühüm tərkib hissəsi olduğunu bildirən SOCAR Midstream Gas Operations şirkətinin İcraçı Direktoru Polad Rüstəmov sosial statusundan asılı olmayaraq hər bir gəncin bərabər inkişaf hüququ olduğunu və Layihənin bu hüququ real imkanlara çevirərək gənclərin peşə bacarıqlarının inkişafına, cəmiyyətə və əmək bazarına inteqrasiyasına xidmət etdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva çıxışında Layihənin gənclərin sosial müdafiəsinin gücləndirilməsi, bərabər imkanların yaradılması və dövlət–özəl sektor əməkdaşlığının inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Tədbirdə, həmçinin tərəfdaş qurumların və aidiyyəti dövlət orqanlarının nümayəndələri çıxış ediblər.
Daha sonra tədbir panel müzakirələri ilə davam edib.
Sonda Layihəyə dəstək üzrə real addımlar məqsədilə dəyirmi masa müzakirələri baş tutub.
“Yeni Üfüq” layihəsi valideynlərindən birini və ya hər ikisini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş 15–18 yaş arası 80 gənci əhatə edir. Layihə çərçivəsində iştirakçılara ofis meneceri, satış və kassir, aşpaz və qrafik dizayner ixtisasları üzrə peşə təhsili, praktiki məşğulluq imkanları və psixososial dəstək təqdim olunacaq. Layihə 10 ay müddətində icra ediləcək.