ATİB 2004-cü ilin aprel ayında 2002-ci ildə təsis edilmiş Türkiyə İş Adamları Dərnəyinin hüquqi varisi kimi fəaliyyətə başlamışdır. İlk dönəmdə 38 üzvü olan ATİB bu gün özündə Azərbaycanda fəaliyyət göstərən 90-a yaxın türk və Azərbaycan şirkətini birləşdirir və bu say günbəgün artmaqdadır.
20 illik fəaliyyətimiz dövründə iki qardaş ölkənin nümayəndələri olan üzvlərimizin bizneslərini ayrı-seçkiliyə yol vermədən, bərabər imkanlar yaradaraq təşviq etmiş, onlarla hökumət və vətəndaş cəmiyyəti arasında körpü olmağa, hər iki ölkənin sosial, mədəni və iqtisadi inkişafına dəstək olmağa çalışmışıq.
ATİB-in hədəfi iki ölkənin xüsusilə qeyri-neft sektorunda əməkdaşlıq səviyyəsini artıraraq davamlı iqtisadi inkişafı təmin etmək, özümüzdən sonrakı nəsillər üçün daha sağlam və təhlükəsiz gələcək perspektivi reallaşdırmaqdır. Lakin missiyamızı dövlətlərimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi sahəsində fəaliyyət ilə bitmiş hesab etmir, iki qardaş ölkənin ortaq problemlərinin həlli, onların regionda və dünyada nüfuzlarının artırılmasına töhfə verməyi də özümüzə borc bilirik.
ATİB hər iki ölkənin rəhbərlərinin biznes mühitinin təkmilləşdirilməsi, azad sahibkarlığın və iqtisadiyyatın inkişaf etdirilməsi sahəsində yürütdüyü siyasi xətti izləyərək öz üzvləri ilə mütəxəssisləri, dövlət və qeyri-hökumət təşkilatlarını, siyasətçiləri, elm xadimlərini, ictimaiyyətin və biznes dünyasının təmsilçilərini, bir sözlə, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini bir araya gətirməklə regionun rifahına mane olan problemlərin müəyyən edilməsinə və bu problemlərin aradan qaldırılması üçün həll yollarının işlənib hazırlanmasına vasitəçilik etməyə çalışır. Bu prosesdə ATİB, üzv şirkətlərinin səsi kimi çıxış edərək onların maraqlarını müdafiə edir.
ATİB təsis olunarkən eyni zamanda üzvləri ilə hər iki dövlətin hökumət və vətəndaş cəmiyyətləri arasında tərəfdaşlığın inkişaf etdirilməsini öz missiyası elan etmişdir. Bu məqsədlə bu günədək Türkiyə, Azərbaycan, hətta Şimali Kiprin bir sıra qeyri-hökumət təşkilatları və digər vətəndaş cəmiyyəti institutları ilə ikitərəfli və çoxtərəfli formatda görüşlər keçirilmiş, bir qismi ilə rəsmi, bəziləri ilə isə qeyri-rəsmi olaraq tərəfdaşlıq razılaşmaları əldə edilmişdir.
Gələcəkdə də ATİB-in missiyasına, dəyər və ənənələrinə sadiq qalaraq Birliyi regional düzənin dəyişmiş və daim dəyişməkdə olan tendensiyalarına uyğun olaraq inkişaf etdirmək, onun nüfuzunu mühafizə etmək və artırmaq, üzvlərimizin bizə olan etimadını və güvənini qorumaq əzmindəyik.