4 iyul 2025-ci ildə Türkiyənin “Rehabilitasyon Dünyası” markasının qurucuları Yunus Kılıç və Mehmet Topsakal, xüsusi təhsil mütəxəssisi Özden Erbaş və markanın Doğal Aba Baku Klinikasının müdiri Arzu Geçit Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) qonağı olublar.
Görüşdə ATİB İdarə Heyətinin üzvü Nigar Ələsgərova və Birliyin Katibliyi iştirak ediblər.
İlk olaraq ATİB-in fəaliyyəti barədə məlumat verən Nigar Ələsgərova bildirib ki, Birlik hər zaman sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq, xüsusilə həssas qruplardan olan uşaqlarla bağlı layihələrə önəm verir və bu təşəbbüsləri dəstəkləyir.
“Rehabilitasyon Dünyası”nın həmtəsisçisi Yunus Kılıç, markanın xüsusi təhsilə ehtiyacı olan uşaqlar üçün təqdim etdiyi xidmətlərdən və Özəl Xüsusi Təhsil Konfederasiyası ilə birlikdə Türkiyənin bir çox şəhərlərindəki fəaliyyətlərindən danışıb. O, autizm və digər psixo-fizioloji dəstəyə ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına yönəlmiş layihələri vurğulayıb.
Qonaq, Azərbaycanda fəaliyyətə “Doğal Aba”nın filialının açılması ilə başladıqlarını, gələcəkdə isə “Rehabilitasyon Dünyası”nın digər markalarını da ölkəmizdə təqdim etməyi planlaşdırdıqlarını bildirib.
Görüş qarşılıqlı əməkdaşlıq və ortaq maraq doğuran mövzular ətrafında fikir mübadiləsi ilə davam edib.