Fevralın 19-da Azərbaycanda keçirilən 7-ci "Brand Award Azerbaijan" milli müsabiqəsində Azərbaycanın ən tanınan brendləri müəyyən olunub. Tədbir, Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Milli Biznes Assosiasiyası, "Caspian Energy Club"ın rəsmi dəstəyi və "Award Organizers Group"un təşkilatçılığı ilə baş tutub.
Müsabiqənin qalibləri genişmiqyaslı müstəqil sorğu nəticəsində müəyyən edilib. Tədbirdə Azərbaycanın aparıcı brendlərinin rəhbərləri, rəsmi tərəfdaşlar və partnyorlar iştirak ediblər. Müsabiqənin yekununda qaliblər müvafiq sertifikatlarla təltif olunublar.
Azərbaycan - Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin sədri Mürsəl Rüstəmovun da iştirak etdiyi tədbirdə, ATİB üzvləri və bir çox yerli brendlər mükafatlandırılıb. Bu müsabiqə, Azərbaycanın ən tanınan brendlərinin bir araya gəldiyi, eyni zamanda brendinq sahəsindəki uğurları qeyd edən mühüm bir tədbir olaraq yadda qaldı.