31 oktyabr 2025-ci il tarixində ADA Məktəbində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin üzvü “Veysəloğlu” Şirkətlər Qrupunun tərəfdaşlığı ilə xeyriyyə məqsədli Payız Festivalı – Məhsul bayramı keçirilib.
Tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev, universitetin prorektoru, millət vəkili Fariz İsmayılzadə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Millət vəkilləri Vüqar Bayramov, Ceyhun Məmmədov, Müşfiq Məmmədli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Elm və Təhsil İşçiləri Həmfarlar İttifaqının (ETİHİ) sədri Araz Paşayev, ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Birliyin üzvləri Aydın Talıbov, İlqar Nuri, Barış Altıparmak, həmçinin ADA Universitetinin və məktəbinin müəllimləri, tələbələr və tərəfdaş şirkətlər iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Qalib Məmməd ənənəyə sadiq qalaraq hər il keçirilən Məhsul bayramının bu il də xeyriyyə məqsədli sərgi-satış və sosial layihələrlə zənginləşdiyini vurğulayıb.
Çıxışında ADA Universiteti ilə əməkdaşlığın ortaq dəyərlər və prinsiplər üzərində qurulduğunu qeyd edən Aydın Talıbov əsas məqsədin vətənə və xalqa xidmət göstərmək, təhsilin inkişafına töhfə vermək olduğunu vurğulayıb. Aydın Talıbov Veysəloğlu Şirkətlər Qrupunun ADA Universitetinin bütün təşəbbüslərində fəal iştirak etməyə, dəstək göstərməyə hər zaman hazır olduğunu bildirib.
Müxtəlif sahələrdən insanların bu bayramda ortaq məqsəd naminə bir araya gəldiklərini vurğulayan Hafiz Paşayev illər ötdükcə daha geniş kütlələri əhatə edən bu dəyərli təşəbbüsün gələcəkdə də öz davamlılığını qoruyacağına inandığını bildirib.
Hicran Hüseynova çıxışında bu kimi tədbirlərin ailə dəyərlərinin, xüsusən də uşaqlarda əməksevərlik, paylaşmaq və məsuliyyət hissinin formalaşmasına töhfə verdiyini qeyd edib.
Tədbir çərçivəsində tələbə və şagirdlərin əl işləri, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə məqsədli sərgi-satış təşkil olunub.