Aprelin 14-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans və “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı yan tədbir keçirilib.
Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, özəl sektor nümayəndələri, eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və Katibliyin rəhbəri Mehriban Əsədli iştirak ediblər.
Yan tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabər İmkanlar Komitəsinin sədri Çiğdem Erdoğan, Qazaxıstan Respublikası Məclisinin Sosial və Mədəni İnkişaf Komitəsinin katibi Nurqül Tau, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyi İdarə Heyətinin sədri Səkinə Babayeva və Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova qadın sahibkarlığının inkişafının iqtisadi artım, sosial inklüzivlik və gender bərabərliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Çıxışlarda qadınların maliyyə resurslarına çıxışının genişləndirilməsi, hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsinin bu sahənin inkişafı üçün əsas prioritetlər olduğunu qeyd ediblər.
Daha sonra beynəlxalq konfrans işinə başlayıb. Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, AQEM-in Baş katibi Kayrat Sarıbay dayanıqlı inkişafın təşviqi və qadınların iqtisadi, sosial və qərarqəbuletmə proseslərində iştirakının artırılması, eyni zamanda qadınların rəqəmsal inkişaf, innovasiya, ekoloji fəaliyyət və sahibkarlıq sahələrində rolunun gücləndirilməsi, gender bərabərliyinin təmin edilməsi və bu istiqamətdə institusional təşəbbüslərin əhəmiyyəti xüsusi vurğulanıb.
Konfrans panel müzakirələri ilə davam edib.