16 oktyabr 2025-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “L.B Audit Xidməti” MMC-ni ziyarət edib.
Şirkətin ofisində keçirilən görüşdə “L.B Audit Xidməti”-nin direktoru Lamiyə Bayramova, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri Rafiq Qarayev, Seymur Bünyatov və Katibliyin nümayəndələri iştirak ediblər.
Şirkətin cari fəaliyyətindən bəhs edən Lamiyə Bayramova Beynəlxalq Maliyyə Hesabatları (BMHS) Standartlarında tərtib edilmiş maliyyə hesabatlarının auditi, nizamnamə fondunun formalaşdırılmasının auditi, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin auditi, Azərbaycan Respublikasının standartlarına uyğun tərtib edilmiş maliyyə hesabatlarının BMHS standartlarına uyğun tərtib edilmiş maliyyə hesabatlarına transformasiyası, habelə mühasibat uçotu, vergi məsələləri, əmək qanunvericiliyi və mülki qanunvericilik üzrə məsləhət xidmətləri (konsaltinq) təklif edən “LB Audit Xidməti”-nin eyni zamanda Azərbaycana sərmayə yatıran türk iş adamlarının bizneslərinin qanunauyğun və səmərəli şəkildə qurulmasına da dəstək olduğunu bildirib. Bu kimi xidmətlərlə iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi və ticarət dövriyyəsinin artırılması hədəflərinə töhfə verməyə çalışdıqlarını diqqətə çatdıran Lamiyə Bayramova ATİB-in müvafiq istiqamətdə səylərini təqdir etdiyini, birgə fəaliyyətin səmərəli olacağına ümid etdiyini qeyd edib.
ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov öz növbəsində “L.B Audit Xidməti” MMC-nin Birliyin təşəbbüslərinə göstərdiyi daimi dəstəyi yüksək qiymətləndirdiyini bildirib. Sədr həmçinin Şirkətin təcrübəsinin gələcək layihələrdə də ATİB-ə faydalı olacağından, qarşıya qoyulmuş hədəflərə çatmaq yolunda tərəfdaşlığın uğurla nəticələnəcəyindən əminliyini dilə gətirib.
Görüş çərçivəsində habelə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.