Mayın 12-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin təşkilatçılığı ilə Ankaradan gələn türk iş adamları və azərbaycanlı iş adamları arasında ikili iş görüşmələri (B2B) keçirilib. Tədbirin açılışında ATİB sədri Mürsəl Rüstəmov bu görüşlərin iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsi və xarici ticarət həcminin artırılması hədəflərinə töhfə verdiyini bildirib. Ardınca ATİB İdarə Heyətinin üzvü, “Turan Legal and Tax Services” şirkətinin hüquq meneceri Araz İsmayılov türk iş adamları üçün Azərbaycandakı biznes imkanları və sənaye parklarındakı təşviqlər barədə məlumat verib. Görüşlərdə əsasən inşaat sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edib, qarşılıqlı əməkdaşlıq imkanları və tərəfdaşlıq təşəbbüsləri müzakirə olunub.