İyunun 16-da Bakı Konqres Mərkəzində İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İİB-in Kuala Lumpur Mükəmməllik Mərkəzi (KLCoE), Malayziyanın Halal İnkişaf Korporasiyası (HDC) və Səudiyyə Ərəbistanı Krallığının Halal Məhsulların İnkişafı Şirkətinin (HPDC) əməkdaşlığı, “Paşa Holding”in maliyyə dəstəyi ilə İİB-in Halal İqtisadiyyat Liderlik Forumu (#HELF) və Azərbaycan Halal Biznes Forumu 2026 (AZHAB Forum) birgə təşkil olunub.
“Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş HELF/AZHAB Forumu İİB Qrupunun İllik Toplantılarının tərkib hissəsi olan Özəl Sektor Forumu (PSF 2026) çərçivəsində baş tutub.
Tədbirin məqsədi daha dayanıqlı, davamlı və qlobal əlaqələrə malik halal ekosistemlərin inkişafına töhfə verəcək praktiki tərəfdaşlıqların, investisiya imkanlarının, texniki əməkdaşlıq təşəbbüslərinin və bilik mübadiləsinin təşviq edilməsidir.
Forumda İİB Qrupuna üzv və digər ölkələrdən yüksək səviyyəli dövlət rəsmiləri, siyasətçilər, sənaye liderləri, maliyyə institutları, inkişaf təşkilatları, investorlar, özəl sektor nümayəndələri, o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri Rafiq Qarayev və Seymur Bünyatov iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən İİB-in Kuala Lumpur Mükəmməllik Mərkəzinin (KLCoE) rəhbəri Samer Elesavi və KOBİA-nın İdarə Heyətinin və AZHAB Forumun sədri Orxan Məmmədov dayanıqlı və inklüziv iqtisadi inkişafda özəl sektorun, xüsusilə KOB-ların rolu, halal iqtisadiyyatın qlobal dəyər zəncirlərində artan payı və bu sahədə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.
Forum panel müzakirələrlə öz işini davam etdirib. Forum çərçivəsində “Dayanıqlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusunda Nazirlər Sessiyası keçirilib.