Mayın 5-də Antalya Mütəşəkkil Sənaye Bölgəsinin İdarə Heyətinin sədri Hasanali Gönenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.
Görüşdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və İdarə Heyətinin üzvü Erdem Ercin iştirak ediblər.
İlk öncə nümayəndə heyətinə ATİB-in fəaliyyəti barədə məlumat verən Mürsəl Rüstəmov Birliyin bu günədək türk iş adamları ilə əməkdaşlığı və onlarla yerli bizneslər arasında əlaqələrin inkişaf etdirilməsindəki rolundan bəhs edib.
Öz növbəsində Antalya Mütəşəkkil Sənaye Bölgəsinin fəaliyyətləri barədə məlumat verən Hasanali Gönen əsas məqsədin sənaye müəssisələrini müasir və planlı bir infrastruktur daxilində bir araya gətirmək, istehsalın səmərəliliyini artırmaq və investorlar üçün əlverişli biznes mühiti yaratmaq olduğunu vurğulayıb. Hasanali Gönen Antalya Mütəşəkkil Sənaye Bölgəsinin fəaliyyətinin eyni zamanda ətraf mühitə həssas yanaşaraq dayanıqlı inkişafı təmin etmək, bölgə iqtisadiyyatına və məşğulluğa töhfə verilməsi istiqamətində olduğunu diqqətə çatdırıb.
Qonaqlarla tanışlıqdan sonra tərəflər Azərbaycanda xarici investorlar üçün mövcud imkanlar, biznes mühitinin vəziyyəti, sahibkarlığın inkişafına yaradılan şərait və gələcək əməkdaşlıq perspektivləri barədə geniş müzakirələr aparıblar.
Sonda ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmova Antalya Mütəşəkkil Sənaye Bölgəsi adından xatirə hədiyyəsi təqdim edilib.