Mayın 6-da İsparta Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Metin Çelikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.
Görüşdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin əməkdaşı Cavid Abdullayev və Katibliyin üzvləri iştirak ediblər.
İlk olaraq Azərbaycan-Türkiyə İş Adamları Birliyinin tarixi barədə danışan Mürsəl Rüstəmov türk iş adamları ilə yerli biznes subyektləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin Birliyin fəaliyyətinin başlıca istiqamətlərindən olduğunu bildirib. Sədr ATİB-in sahibkarlar üçün yaradılmış əlverişli imkanlarla yanaşı, eyni zamanda iki ölkənin iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə, qarşılıqlı investisiyaların artmasına və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb.
Öz növbəsində İsparta Ticarət və Sənaye Palatasının fəaliyyətləri barədə məlumat verən Metin Çelik Palatanın əsas fəaliyyət prioritetlərinin regionda sahibkarlığın, ticarətin və sənayenin inkişafının təşviqi, üzv şirkətlərin maraqlarının qorunması olduğunu diqqətə çatdırıb. Metin Çelik eyni zamanda yerli şirkətlərin rəqabət qabiliyyətinin yüksəldilməsi, onların beynəlxalq bazarlarda mövqelərinin möhkəmləndirilməsi və qlobal əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinin Palata üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Daha sonra tərəflər Azərbaycanda xarici investorlar üçün biznes və investistiya mühitinin əlverişliliyi, habelə gələcək əməkdaşlıq perspektivləri barədə geniş müzakirə aparıblar.
Sonda ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmova İsparta Ticarət və Sənaye Palatası adından xatirə hədiyyəsi təqdim edilib.