15 oktyabr 2025-ci il tarixində “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş” -in nümayəndə heyəti Azərbaycan -Türkiyə İş Adamları Birliyinin qonağı olub.
ATİB ofisində keçirilən görüşdə Birliyin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Katibliyin rəhbəri Mehriban Əsədli, “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş” -in rəhbəri Serkan Kamer, Şirkətin Marketinq direktoru Tuğba Kamer və iş adamları Gökhan Dönmez, Murat Özen iştirak ediblər.
İlk olaraq “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş”-in rəhbəri Serkan Kamer şirkətin fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanda 15 illik mərhələni uğurla geridə qoyduqlarını bildirən Serkan Kamer bina idarəetmə sistemləri, montaj və nəzarət xidmətləri, yaşıl bina sertifikatlaşdırılması, bina və otaq avtomatlaşdırılması kimi sahələrdə yüksək keyfiyyət və peşəkarlıqla xidmət göstərən Şirkətin sektorda seçilən tərəfdaşlardan birinə çevrildiyini qeyd edib. Serkan Kamer həmçinin Şirkətin gələcək fəaliyyət istiqamətlərinin texnoloji yeniliklərə, enerji səmərəliliyinə və davamlı inkişaf prinsiplərinə əsaslandığını vurğulayıb.
ATİB-in tarixi və bu günədək həyata keçirdiyi layihə və təşəbbüsləri barədə danışan İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Birliyin bu günədək Türkiyə-Azərbaycan iqtisadi, sosial və mədəni əlaqələrinin inkişafı istiqaməti, eləcə də iki qardaş ölkədə sahibkarlığın genişlənməsində göstərdiyi töhfələri diqqətə çatdırıb. Sədr ATİB-in iki ölkənin iş adamları üçün biznes imkanlarının genişləndirilməsi, əməkdaşlıq əlaqələrinin təşviqi və tərəfdaşlara strateji dəstək təmin etməsi baxımından oynadığı rolun əhəmiyyətini vurğulayıb.
Daha sonra tərəfləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.