Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri növbəti dəfə Azərbaycan-Türkiyə İş Adamları Birliyində (ATİB) və Birliyə üzv şirkətlərdə istehsalat təcrübəsi keçiblər.
Mayın 29-da ATİB-in ofisində keçirilən yekun görüşdə Birliyin Baş Katibi Gülnar Şirinova, UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin (TÜDİFAK) baş müəllimi Nəriman Xanəhmədov iştirak ediblər. Görüş zamanı tələbələr təcrübə dövrü ilə bağlı təəssüratlarını bölüşüb, ATİB və onun üzv şirkətlərinə yaradılan imkanlar və əlverişli iş mühiti üçün təşəkkürlərini bildiriblər.
Təcrübə proqramı çərçivəsində TÜDİFAK-ın 4-cü kurs tələbələri tədris müddətində qazandıqları bilik və bacarıqları real iş mühitində tətbiq edərək layihələrin idarə olunması, tədbirlərin təşkili, iqtisadi təhlil, beynəlxalq əlaqələr və sənəd dövriyyəsi kimi sahələrdə praktiki təcrübə qazanıblar.
UNEC ilə ATİB arasında uzun illərdir davam edən səmərəli əməkdaşlığa əsaslanan bu proqram gələcəkdə də tələbələrin peşəkar və şəxsi inkişafına töhfə verməyə davam edəcək.