14 Fevral 2025-ci ildə Bakıda “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” keçirilib.
Türk Ticarət və Sənaye Palataları Birliyinin təşəbbüsü və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının Baş sponsorluğu ilə baş tutan tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Prof.Dr. Birol Akgün, millət vəkili Tahir Mirkişili, dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, sahibkarlar, o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti iştirak ediblər.
Açılış mərasimində İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TCCI-ın fəxri prezidenti və TOBB-un prezidenti Rıfat Hisarcıklıoğlu, Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktoru Yusif Abdullayev, TCCI və ASK-nın prezidenti Məmməd Musayev, Qazaxıstan Respublikası “ATAMEKEN” Beynəlxalq Ticarət Palatasının sədri Murat Kərimsakov, Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatasının sədri Davron Vaxabov, Qırğız Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Avazbek Kerimbayev, Şimali Kipr Türk Ticarət Palatasının Prezidenti Turgay Deniz, Macarıstan Ticarət və Sənaye Palatası Prezidentinin müşaviri Qabor Kiss çıxış edərək, türkdünyasının iqtisadi əlaqələri, birgə əməkdaşlıq layihələri və qarşılıqlı ticarət dövriyyələrinin artırılması üçün perspektivlərə toxunublar.
Tədbirdə həmçinin Türk İnvestisiya Fondu ilə TCCI arasında anlaşma memorandumu imzalanıb. Sənədi TCCI və ASK-nın prezidenti Məmməd Musayev və Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev imzalayıb. Memorandumda əməkdaşlıq üçün çərçivələr və konkret istiqamətlər müəyyən edilib.