14 Yanvar 2025-ci ildə Türkiyənin Konyalı Sənayeçi və İş Adamları Dərnəyinin (KONSİAD) sədri Kemal Çelikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) qonağı olub.
Qonaqları ATİB İdarə heyətinin üzvləri İlkin Əliyev, Nigar Ələsgərova və Araz İsmayılov qarşılayıblar. İlk öncə İlkin Əliyev nümayəndə heyətinə ATİB-in fəaliyyəti haqqında məlumat verib və Birliyin bu günədək türk iş adamları ilə əməkdaşlıq çərçivəsində yerli biznes əlaqələrinin qurulmasında oynadığı roldan danışıb.
KONSİAD-ın təsis edilmə məqsədinin Türkiyədə fəaliyyət göstərən Konyalı iş adamlarını bir araya gətirmək və onların əməkdaşlığını inkişaf etdirmək olduğunu bildirən Kemal Çelik Dərnəyin ticarət, sənaye, mədəni və tarixi dəyərləri tanıtmaq məqsədilə müxtəlif yerli və beynəlxalq tədbirlər keçirdiyini qeyd edib.
Görüşdə Azərbaycanda sənaye yatırımları, işğaldan azad edilmiş Qarabağ iqtisadi zonasında həyata keçirilən layihələr, o cümlədən Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında xarici investorlar üçün təqdim edilən güzəştlər barədə müzakirələr aparılıb.
Görüşün sonunda ATİB İdarə Heyətinin üzvü İlkin Əliyevə KONSİAD adından xatirə hədiyyəsi təqdim edilib.