9–10 iyun tarixlərində Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı ikigünlük beynəlxalq tədbir keçirilib.
Sammit Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə təşkil olunub.
Tədbirdə dövlət qurumlarının, bank və maliyyə institutlarının, startapların, beynəlxalq və çoxtərəfli təşkilatların, sənaye və peşəkar assosiasiyalarının nümayəndələri, o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, habelə beynəlxalq ekspertlər və media nümayəndələri iştirak ediblər.
Sammit çərçivəsində yüksək səviyyəli müzakirələr, panel sessiyaları və B2B görüşlər təşkil olunub.
Müzakirələr regional maliyyə inteqrasiyası, bankçılıqda rəqəmsal transformasiya, ödəniş və hesablaşma sistemləri, açıq bankçılıq və API ekosistemləri, süni intellekt əsaslı maliyyə həlləri, kibertəhlükəsizlik, AML/CFT, alternativ bankçılıq (o cümlədən İslam maliyyəsi), dayanıqlı maliyyə, investisiya imkanları və maliyyə savadlılığı kimi mövzuları əhatə edib.
Tədbirin əsas məqsədi Türk dövlətləri arasında maliyyə əməkdaşlığını gücləndirmək, tənzimləyici uyğunlaşmanı təşviq etmək, ödəniş sistemlərinin inteqrasiyasını inkişaf etdirmək və ortaq maliyyə baxışının formalaşdırılmasına töhfə vermək olub.