Fevralın 27-də Ağdaşda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Əmək münasibətləri və məşğulluq: müasir çağırışlar və rəqəmsal həllər” mövzusunda konfrans keçirilib.
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və sahibkarlar iştirak edib.
Konfransı giriş sözü ilə açan Orxan Hüseynzadə, bu tədbirin əhəmiyyətini vurğulayaraq, əmək və məşğulluq sahəsində aparılan islahatların təşviqinin önəmini qeyd edib. Daha sonra “Əmək münasibətləri və məşğulluq sahəsində yeniliklər və perspektivlər” və “Layiqli əməyin təmini: rəqəmsal həllər və yeni iş imkanları” mövzusunda panel müzakirələri aparılıb.
Tədbirdə Dövlət Məşğulluq Agentliyi və Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyəti ilə bağlı təqdimatlar edilib, dövlət siyasətini əks etdirən videoçarxlar nümayiş olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb. Konfransdan sonra sahibkarlarla dəyirmi masa təşkil edilib, onları maraqlandıran məsələlər müzakirə edilib və təklifləri dinlənilib.