Aprelin 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Ümumdünya Əməyin Mühadizəsi Günü ilə əlaqədar “İş yerlərində psixososial risklərin idarə olunması müasir yanaşmalar və həll yolları” mövzusunda konfrans keçirilib.
Tədbirdə millət vəkilləri,dövlət qurumlarının nümayəndələri, o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və Katibliyin rəhbəri Mehriban Əsədli iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Qəzənfər Abdullayev, BƏT-in Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev, Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Fatih Bilal Alodalı çıxışlarında iş yerlərində sağlam və təhlükəsiz mühitin təşviqinin, beynəlxalq təcrübənin tətbiqi və sosial tərəfdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Konfrans çərçivəsində əməyin mühafizəsi sahəsində görülmüş işləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra “DOST Müfəttiş” layihəsində fəal iştirak edən, eləcə də müəssisələrində əməyin mühafizəsi işini nümunəvi şəkildə təşkil edən işəgötürənlər, ESG və sosial dayanıqlılıq prinsiplərinin effektiv tətbiqinə töhfə verən iştirakçılar təltif olunublar.
Konfrans DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin musiqi qrupunun ifası və “Psixososial risklərin iş mühitinə təsiri” mövzusunda panel müzakirəsi ilə davam edib.