Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar günü”nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, iş adamları, o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və Katibliyin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Ramiz İsayev çıxışlarında ölkə iqtisadiyyatının davamlı inkişafında, məşğulluğun təmin olunmasında özəl sektorun aparıcı rolunu xüsusi vurğulayıblar. Çıxışlarda ölkəmizdə sahibkarlığın formalaşması və inkişafının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulması, bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirildiyi vurğulanıb. Qeyd olunub ki, sahibkarlıq fəaliyyətinin inkişafı məqsədilə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür, sahibkarlara göstərilən maliyyə və institusional dəstək mexanizmləri genişləndirilir, müxtəlif güzəşt və stimullaşdırıcı tədbirlər tətbiq olunur.
Tədbirdə sahibkarlığın inkişafına dair film nümayiş olunub.