Avqustun 12-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “Norm Otomasyon Elektromekanik İthalat İhracat Sanayi İç Dış Ticaret Limited Şirkətinin” Azərbaycan nümayəndəliyini ziyarət edib.
Şirkətin ofisində keçirilən görüşdə baş direktor Erdem Ercin, ATİB İdarə Heyətinin üzvləri Rafiq Qarayev, Araz İsmayılov və Katibliyin nümayəndələri iştirak ediblər.
Erdem Ercin mərkəzi ofisi Türkiyədə yerləşən avtomatika mühəndisliyi şirkəti olan “Norm Otomasyon”un təhlükəsizlik və bina idarəetmə sistemləri, nəzarət və sənaye avtomatlaşdırma sistemləri, ağıllı panel və aşağı gərginlikli panel sistemləri və ağıllı ev avtomatlaşdırma sistemləri sahəsində fəaliyyət göstərdiyini qeyd edib. Şirkətin əsas prioritetinin müştərilərinə doğru və iqtisadi cəhətdən səmərəli həllər təklif etmək olduğunu vurğulayan baş direktor bu günədək bir çox uğurlu beynəlxalq layihələrə imza atdıqlarını bildirib.
Azərbaycanda paytaxt Bakı ilə yanaşı işğaldan azad edilmiş bölgələrimizdə də fəaliyyət göstərən “Norm Otomasyon” hazırda Laçında hotel, Şuşada isə tikilməkdə olan məscidin avtomatlaşdırma işlərini həyata keçirir.
Görüş çərçivəsində həmçinin dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün alternativ enerji mənbələrinə keçidin əhəmiyyəti mövzusunda müzakirələr aparılıb.