Avqustun 11-də Azərbaycan–Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyini ziyarət edib.
Ziyarət çərçivəsində Türkiyənin ölkəmizdəki kənd təsərrüfatı məsələləri üzrə müşaviri Yenər Yıldırım, ticarət baş müşavirləri Murat Yaman və Nevzat Bozkurt, eləcə də əmək və sosial müdafiə məsələləri müşaviri Prof. Dr. Fatih Bilal Alodalı ilə ayrı-ayrılıqda görüşlər keçirilib.
Görüşlərdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyəti sədrinin müavini Tahsin Gündəm, İdarə Heyətinin üzvü Nigar Ələsgərova və Katibliyin nümayəndələri iştirak ediblər.
Kənd təsərrüfatı məsələləri üzrə müşavir Yenər Yıldırımla görüşdə iki ölkə arasında aqrar sahədə mövcud və perspektiv əməkdaşlıq əlaqələri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin müşavirə oktyabr ayında keçirilməsi nəzərdə tutulan 3-cü Beynəlxalq Aqrar Biznes Forumu layihəsi barədə məlumat verilib, qarşılıqlı birgə fəaliyyət imkanları dəyərləndirilib.
Ticarət baş müşavirləri Nevzat Bozkurt və Murat Yamanla keçirilən görüşlərdə Azərbaycan və Türkiyə arasındakı ticarət əlaqələrinin mövcud vəziyyəti, qarşılıqlı ticarət imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
Əmək və sosial müdafiə müşaviri Prof. Dr. M. Fatih Bilal Alodalı ilə keçirilən görüşdə isə əmək və sosial müdafiə sahəsinə aid məsələlər, qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Görüşlərdə müvafiq sahələr üzrə Azərbaycan və Türkiyə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinin, sahibkarlar üçün yeni əməkdaşlıq imkanlarının yaradılmasının və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.