14 oktyabr 2025-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvü İlkin Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Bakı Ekspo Mərkəzində regionun inşaat sektorunda aparıcı sənaye tədbiri – 30-cu Yubiley Xəzər İnşaat Həftəsini ziyarət edib.
14-16 oktyabr tarixlərində davam edəcək tədbir çərçivəsində 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “BakuBuild", 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi – “Rebuild Karabakh”, 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi - “Aquatem Baku” 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi - “Plastex Caspian” və 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi - “Road&Traffic” beynəlxalq sərgiləri keçirilir.
ATİB nümayəndə heyəti ilk olaraq sərgi pavilyonlarını dolaşıb, o cümlədən “Rebuild Karabakh” sərgisində iştirak edən ATİB üzvləri "AS İnşaat", "BORUSAN CAT AZƏRBAYCAN", həmçinin "İnprocon" şirkətlərinin stendlərinə baş çəkərək nümayiş olunan məhsullarla tanış olub, iştirakçılara uğurlar arzulayıb.
Sərgi çərçivəsində heyət həmçinin "AS Group"-un təşkilatçılığı ilə keçirilən "Dayanıqlı inkişaf naminə ağıllı və yaşıl həllər" mövzusunda konfransda iştirak edib.
Konfransda çıxış edən "AS Group İnvestment" MMC -nin təsisçisi Şahin Mövsümov, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdulllayev, Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü Andrey Asadov Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü "yaşıl enerji zonaları", "yaşıl dəhlizlər" təşəbbüsləri Qarabağda həyata keçirilən dayanıqlı həllər, beynəlxalq təcrübədə formalaşmış həllərin öyrənilməsi və tətbiq imkanları barədə fikirlərini bölüşüblər.
Daha sonra "AS İnşaat" MMC direktor müavini Rəşad Mehdiyev Zəngilan rayonunda həyata keçirilmiş "Ağalı-Ağıllı kənd" layihəsi barədə təqdimat edib.
Konfrans panel müzakirələri ilə davam edib.