12 fevral 2026-cı il tarixidə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) növbəti işgüzar səhər yeməyi baş tutub.
Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Prof.Dr.Birol Akgün, Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ziyad Səmədzadə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azay Quliyev, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti rəisinin müavini Nərmin Mirzəyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elçin Süleymanov, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş Katibinin müavini Talgat Aduov, Türkiyə səfirliyinin nümayəndələri, iş adamları, o cümlədən ATİB üzvləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən ATİB İdarə Heyətinin sədri ölkədə özəl sektorun gücləndirilməsi məqsədilə aparılan islahatlardan danışaraq ötən günlərdə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2027-ci ilin yanvar ayının 1-dək uzadılmasının məhz ölkə başçısının və hökümətin biznes sektorunun inkişafına dəstək və qayğısının təzahürü olduğunu bildirib.
Daha sonra çıxış edən səfir Birol Akgün, Ufuk Turqaner, Ziyad Səmədzadə, Azay Aquliyev və Samir Hümbətov sahibkarları narahat edən problemlərin həlli istiqamətində dövlət-özəl dialoqu, eləcə də iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında vətəndaş cəmiyyəti institutlarının və sahibkar birliklərinin rolunun əhəmiyyətini vurğulayaraq ATİB-in bu istiqamətdə bu günədək gördüyü işləri yüksək qiymətləndirdiklərini qeyd ediblər.
Daha sonra Birliyə yeni qoşulmuş “AYTA LTD” MMC, “PwC Azərbaycan” şirkəti və “Upgrade Solutions” MMC-nin təqdimatları baş tutub.
Təqdimat edən üzvlərə üzvlük plaketləri təqdim olunub.